26 Ağustos 2017 Cumartesi

Türklərdə Milli Şüur Problemi

  Mənbə: Əhməd Ağaoğlu- İran və inqilabı
  Deyilə bilər ki, Abbasilər zamanından bəri İran fasiləsiz türklər tərəfindən idarə olunmuşdur. Samanilər, səlcuqlar, xarəzmşahlar, teymurilər, ağqoyunlular, səfəvilər, əfşarlar, qacarlar, hamısı türklərdir. İranı min ildən bəri idarə edən, ona böəzən cahanşümul bir qiymət verdirən türklərdir. Hətta bu gün də İranın dövlət adamları, komandirləri, ordusu əksəriyyətlə türklərdir.
  Fəqət nə çarə ki, türklər başqa yerlərdə göstərdikləri zəifliyi burada da göstərmişlər. Felən və maddətən hakim olduqları halda mənəvi hakimiyyətlərini qurmaqda qüsur göstərmişlər. Hökümət, ordu, ticarət, ziraət və ədəbiyyat əllərindəykən şəxsiyyətlərinin ən canlı və ən davamlı amili olan dillərini qəbul etdirməmişlər və sahibi olduqları dövlətə türk dövləti dedirtməyə önəm verməmişlər. Bu surətdə dövlət milliləşmək qabiliyyətini qeyb etmişdir.
  Doğrudur, bunlar türkcəni tamam buraxmamışlar, öz aralarında, sarayda və türk kütlələri içində türkcəni yaşatmışlar. Fəqət rəsmi dil fars olduğundan və bu dil məktəblərdə, idarələrdə, yazışma və danışıqlarda ümumiləşdiyindən dövlət felən türk olduğu halda, mənən yabançı qalmışdır. Türk əleyhdarlığı güdən milli axınlara bu surətlə əlverişli kanallar buraxılmışdır.
 Sırası gəlmişkən onu da qeyd edək ki, İrana mədəniyyət tarixində mövqe verən, fikir və ədəbi cərəyanların ahmısı türk hakimiyyətləri zamanlarında vücuda gəlmişdir. Ondan əvvəlki dövrlərdə İranın vermiş olduğu yeganə əsər Zərdüştün " Zənd Avesta"sı ilə pəhləvi dilindəki ikinci dərəcəli dini mahiyyətdəki yazılardır. İranın hələ də yaşayan ilk böyük şairləri, məsələn, Rudəki, Unsuri, Usəndi, Firdovsi, Sədilər, Hafizlər və s. hamısı türklər zamanına təsadüf edir.
  Şərqin bütün tarixi isbat edir ki, əgər türk sülalələrində milli şüur olsa idi, bütün bu cərəuanlar türkcə olacaqdı və bu surətlə türk kültürü milliləşərək bütün Şərqə hakim olacaqdı. Əlişir Nəvayinin əsəri isbat edir ki, türk dili belə bir kültürü daşımaq və bəsləmək qabiliyyətinə malikdir. Fəqət, nə çarə ki, bu şüur olmamışdır.
 SƏFƏVİLƏR: Şiəlik və şiə məzhəbinin əsas və dövlət dini olaraq tanınması Şah İsmayılın adı ilə başlar. Vaqiən şiəlik Şah İsmayıldan əvvəl də mövcuddu və ta islamiyyətin ilk zamanlarında başlamışdı. Hələ Ömər zamanında islamiyyətlə zərdüştlük ilk təmasa girdiyi gündən etibarən ələvilik, zərdüştlüyün islamiyyətə qarşı apardığı əksül-əməlin bir ifadəsi oldu. Daha o zamanlar Zərdüştün "Hüquqi ilahiyyə" nəzəriyyəsi ilə Məhəmmədin "İcmayi-ümmət" nəzəriyyəsi və İran peyğəmbərinin " Bəşəri iradənin sərbəstliyi" haqqında duyğuları və eynilə Zərdüştün bəşəri allahlıq vəsfinə iştirak etdirilməsinə müqabil Məhəmmədin allahlıq vəsfi ilə bəşər arasına keçilməz ayrılıqlar qoyması kimi bir-birinə tamamən zidd olan zehniyyətlər arasında dərin çarpışmalar meydana gəlmiş və bu çarpışmaların məhsulu olaraq şiəliyin teoloji cəbhəsi qurulmuşdur. Onun siyasi cəbhəsinə gəlincə, son İran şahı II Yezdəgərdin qızı Şəhrəbanu ilə Əlinin oğlu Hüseynin evlənməsindən doğulan Zeynalabdinin hüquqi-ilahiyyətçi olan İranlıların nəzərində bir tərəfdən sasani sülaləsinin, digər tərəfdən də Məhəmmədlə Əlinin doğrudan doğruya varisi, "fasiləsiz xəlifəsi" olması çox təbii idi. Bu xilafətin intixab təhriki ilə deyil, oğlan övladdan miras yolu ilə keçməsi hökmdarlıq haqqındakı əski İran nəzəriyyəsinə çox uyğundu.
  Bundan başqa, qədim Zərdüşt ənənəsində Zərdüştün oğlu bəzi əlamətlər müəyyənləşəndən sonra zühur edərək, "behdinləri" qurtarmayacaqdımı?  Bu dəfədə bu rolu imam Zeynalabdinin övladından XII İmam Mehdi oynamazmı? Bu surətlə Səfəvilər zühur etmədən çox əvvəl nəzəriyyə qurulmuş və ələvilik islam aləminin hər tərəfinə sirayət edərək müxtəlif şəkillər almışdır.
   Fəqət Misirdə ələviliyin ismailiyyə tərzini qəbul edən Fatimilər dövrü istisna edilərsə, islam aləminin heç bir tərəfində şiəlikin isna aşari şəkli meydanda olan bir məzhəb kimi qəbul edilməmişdir.
  Bununla belə, iranlılığı təmsil edən bu cərəyan İranın gizli və sıx nöqtələrində canlı bir halda yaşamışdır. Bu nöqtələrdən biridə Bakı dənizinin cənub sahillərindəki Gilanla Mazandaran idi. Keçilməsi çox çətin olan yüksək dağlar və sıx, qaranlıq ormanlarla qapalı olan bu iki əyalət iranlılığın daima sığınacaq yeri idi. Nə yunanlar nə ərəblər nə türklər bu vilayətin içinə daxil ola bilmədilər. Sünni hökmdarların təqibindən qaçan şiəlikdə buraya sığınmışdı. Necə ki, eyni cərəyanın iki yeni şəkli olan babilik və bu günkü fars millətçiliyi də əsasən burada cana gəlmişdir.
 Şiəlik cərəyanının Gilan və Mazandarandan keçərək bu vilayətlərin yanında olan Ərdəbilə sirayət etməsi də çox təbiidir.
 Ələvilər imam Rzanın kiçik nəvəsi Mehdinin zühuruna intizar etmirlərmi? iştə, Şah İsmayık özü tam bir Mehdidir. İranın fars əhalisinin nəzərində bu nə qədər qiymətli bir alətdir. Yuxarıda gördük ki, Şah İsmayılın cəddi Şeyx Səfiəddin Gilan və Mazandaran şeyxləri ilə əlaqədə olmuş və şah İsmayıl düşmənlərindən qaçarkən Gilana sığınmışdı. Rövzətüs-Səfa sahibi deyir ki, qəribədir ki, peyğəmbərlik günəşinin çıxışından vilayət ayının tüluuna qədər bütün İran əhli sünnü idi və haqq olan şiə məzhəbi gizli idi. İndi bu məzhəb aşkar oldu, tamamən meydana çıxdı. 
  Bu surətlə Şah İsmayıl və onu təqib edən Səfəvilər özlərinə qədər inşa materialları dağınıq olan, saxlanmaq məcburiyyətində qalan bir məzhəbi qurmağa, müntəzəm və ahəngdar bir sistem halında meydana çıxarmağa, şərq və bilxassə türk tarixi üzərinə dərin və fəlakətli təsirlər  icra etməyə müvəffəq oldular.
  Fəqət eyni zamanda bu ailə eyni əməlilə İranın fikri və hissi qaynağını qurutdu. Zira bundan sonra artıq bütün fikri və hissi qüdrətlər bu məzhəbi doğrulamağa, onun əsaslarını və nəzəri qismini qüvvətləndirməyə həsr edilmişdi.
  Min bir dərədən su gətirilərək, min bir incəliklərlə ayələrin, hədis və rəvayətlərin kəlmələrinə və hətta hərflərinə və nöqtələrinə min bir mənalar verilərək, çevirmələr yapılaraq ixtilafların Əli lehinə olmaq üzrə hal və fəslinə çalışılacaqdı. İran artıq şer və fəlsəfə fəaliyyətini tərk etmişdir. Səfəvilər zamanından bəri İran artıq əski şairlər və mütəfəkkirlərə yaxınlaşan deyil, hətta zikrə şayan olacaq bir tək şair və mütəfəkkir yetişdirə bilmir. O zamandan bəri çıxardığı ən namdar şair Maanidir ki, bütün məharəti kəlmələri yan yana gətirməkdən ibarətdir. Yalnız din sahəsində və Kərbəla müsibətini tərənnüm edən növhə və minacat sahəsində bəzi zikrə şayan, məsələn, Kaşanlı kimi növhəçilər yetişmişdir. 

Hiç yorum yok:

Yorum Gönder